Abstrakt
Şəkərli diabet (ŞD) və qalxanabənzər vəzi (QV) xəstəlikləri geniş yayılmış endokrin patologiyalar sırasındadır. Hazırki tədqiqatın məqsədi ŞD tip 1 və tip 2 olan pasiyentlərdə QV patologiyalarının rastgəlmə tezliyini və klinik xüsusiyyətlərini qiymətləndirmək olmuşdur. Tədqiqata 180 ŞD-li xəstə daxil edilmişdir, onlardan 22-si ŞD tip 1, 158-i isə ŞD tip 2 diaqnozlu xəstə olmuşdur. QV böyüməsi xəstələrin 31,7%-də aşkar edilmiş və ŞD tip 2 zamanı ŞD tip 1 ilə müqayisədə əhəmiyyətli dərəcədə daha çox qeydə alınmışdır (33,5% və 18,2%). Düyünlü dəyişikliklərin rastgəlmə tezliyi yaşla artaraq 70 yaş və yuxarı pasiyentlərdə 29,6%-ə çatmışdır (p<0,01). Xronik autoimmun tiroidit və hipotireoidizm halları ŞD tip 2 zamanı xəstəliyin müddəti ilə sıx əlaqəli olmuşdur (5 ildən çox müddətdə 49,3% və 5 ilə qədər 23,4%, p<0,001). Yanaşı tiroid patologiyası olan pasiyentlərdə HbA1c səviyyəsi daha yüksək və müalicəyə rezistentlik daha çox (71,7% və 27,6%, p<0,001) olmuşdur. Alınan nəticələr ŞD-li pasiyentlərdə QV disfunksiyasının erkən aşkarlanması və vaxtında korreksiyasının vacibliyini göstərir.
Əsas mətn
GİRİŞ
Şəkərli diabet (ŞD) və qalxanabənzər vəzi (QV) xəstəlikləri bütün dünyada yayılma tezliyinə görə ilk sıralarda yer alan endokrin patologiyalardır. Statistik məlumatlara əsasən, 2021-ci ildə dünya üzrə 529 mln nəfərdə ŞD qeydə alınmışdır. Beynəlxalq ekspertlərin proqnozlarına görə, xəstəliyin yayılma tezliyi artan dinamikaya malikdir və 2050-ci ilə qədər şəkərli diabetlə yaşayan insanların sayının 1,31 mlrd nəfəri ötəcəyi gözlənilir [1]. Qalxanabənzər vəzi patologiyaları dünya üzrə təxminən 200 mln insanda qeydə alınmışdır. Hipotireoidizm 1-2%, hipertiroidizm 0.2-1.3% hallarda müşahidə olunur, təxminən 60% hallarda isə xəstəlik aşkarlanmır. Qlobal olaraq 1 mlrd-dan çox insan yod çatışmazlığı ilə səciyyələnən ərazilərdə yaşayır və bu faktor tiroid patologiyalarının əsas səbəblərindən biridir [2].
Klinik müşahidələr göstərir ki, ŞD tip 2 olan pasiyentlərdə QV disfunksiyası sağlam populyasiya ilə müqayisədə 2-3 dəfə daha çox rast gəlinir [3-6]. Bununla belə, tiroid patologiyasının ŞD-li pasiyentlərin müalicəsinin effektivliyinə təsiri, dərmanlara rezistentliyin formalaşması və xəstəliyin ağırlaşmalarının proqressivləşməsi hələ də kifayət qədər öyrənilməmişdir. Eyni zamanda, yanaşı patologiyanın müalicəsi və ŞD-li diabetli xəstələrdə QV xəstəliklərinin profilaktikası üzrə vahid yanaşmalar mövcud deyil. Tədqiqatın məqsədi ŞD tip 1 və tip 2 olan pasiyentlərdə qalxanabənzər vəzi xəstəliklərinin rastgəlmə tezliyini və klinik xüsusiyyətlərini qiymətləndirmək olmuşdur.
MATERİAL VƏ METODLAR
Ümumilikdə 180 ŞD-li xəstə müşahidə edilmişdir. Bunlardan 22-si ŞD tip 1 (yaş diapazonu 20-46 yaş), 158-i isə ŞD tip 2 olan pasiyentlər (42-78 yaş) olmuşdur. Diabetin müddəti 1-27 il civarında dəyişirdi. ŞD diaqnozu mövcud klinik tövsiyələr və ÜST meyarlarına (WHO/Standard of Care 2024-2025) uyğun olaraq qoyulmuşdur [7]. Nəzarət qrupu praktik sağlam şəxslərdən formalaşdırılmışdır (n=32). Müayinə planına ümumi klinik müayinə, anamnestik məlumatların toplanması, HbA1c səviyyələrinin və tiroid funksiyasının göstəricilərinin (TSH, sərbəst T4 və T3) immunferment üsulu ilə təyini daxil olmuşdur. QV-in həcmini, ekostrukturunu və düyünlərin mövcudluğunu qiymətləndirmək üçün ultrasəs müayinəsi (USM) aparılmışdır. Zərurət olduqda incə iynə aspirasiya biopsiyası aparılırdı. Tiroid peroksidaz və tiroqlobulinə qarşı qan zərdabında anticisimlərin titrləri təyin edilmişdir. Statistik məlumatların emalı standart variasiya statistikası metodları və SPSS Statistics v.26.0 (ABŞ, IBM Corp.) proqram təminatı istifadəsi ilə aparılmışdır. Kəmiyyət göstəriciləri, orta dəyərlər və standart kənarlaşma (M±SD) kimi, kateqoriyalı dəyişənlər isə faizlər şəklində təqdim olunmuşdur. Normal paylanmalar üçün Student t-testi, normal paylanmadan kənara çıxma hallarında qeyri-parametrik Mann-Uitni U testi istifadə edilmişdir. Qruplar arasında keyfiyyət xüsusiyyətlərinin müqayisəsi Pearson χ² testi ilə aparılmışdır. Fərqlər p<0.05 olduqda statistik cəhətdən əhəmiyyətli hesab edilmişdir.
NƏTİCƏLƏR VƏ MÜZAKİRƏ
ŞD olan xəstələrdə QV böyüməsi 57 (31,7%) nəfərdə qeydə alınmışdır. ŞD tip 2 zamanı QV böyüməsi halları 33,5±3,5% təşkil etmişdir ki, bu da ŞD tip 1 xəstələrinə nisbətən təxminən iki dəfə çox olmuşdur (18,2±4,1%, χ²=6,41, p=0,011).Ultrasəs müayinəsinin nəticələrinə əsasən, endemik zob üçün səciyyəvi olan homogen exoteksturaya malik QV diffuz izoexogen böyüməsi yalnız 11 xəstədə (6,1±1,7%) aşkar edilmişdir. Qalan hallarda hipoexogen "halo" ilə düyünlü zədələnmələr, kalsifikasiya sahələri və ya kistoz dəyişikliklərə uyğun anexogen dairəvi strukturlar aşkar edilmişdir. Düyünlər 42 xəstədə (23,3±3,0%) aşkar edilmişdir. Düyünlü urun rastgəlmə tezliyində yaşla bağlı aydın əlaqə müşahidə edilmişdir. Yaşı 70-dən az olan pasiyentlərdə düyünlü dəyişikliklər 15,2±4,3% hallarda qeydə alınmışdır, 70 yaş və yuxarı olan xəstələrdə isə bu göstərici 29,6±4,0%-ə qədər artmışdır (p<0,01). 7 xəstədə anamnezdə strumektomiya haqqında məlumatlar mövcud olmuşdur. ŞD tip 1 olan pasiyentlərin 2-də diffuz toksik ur ilə bağlı əməliyyat aparılmışdır, 1 xəstədə əməliyyat nəticəsi olaraq ağır hipotireoidizm inkişaf etmişdir. ŞD tip 2 diaqnozlu 5 xəstədə çoxdüyünlü eutireoid zob səbəbindən strumektomiya əməliyyatı həyata keçirilmişdir. Hipotireoidizmin aşkar klinik əlamətləri 32 xəstədə (17,8±2,8%) müşahidə olunmuşdur, onlardan 29-da ŞD tip 2 diaqnozu qoyulmuşdur. Bu nəticələr, ŞD-dən əziyyət çəkən xəstə populyasiyasında tiroid çatışmazlığının çoxfaktorlu təbiətini göstərir.
9 xəstədə hipotireoidizm ilə müşayiət olunan xronik atrofik autoimmun tiroidit (XAAT) diaqnozu qoyulmuşdur. 55 xəstədə ultrasəs müayinəsi zamanı XAAT-ın hipertrofik variantı şübhəsi yaranmışdır, bu da 43 xəstədə (78,2 ± 5,6%) iynə biopsiyası və tiroid peroksidaza və/və ya tiroqlobulin anticisimlərının yüksək titrləri ilə təsdiqlənmişdir. USM-də vəzin qeyri-müəyyən konturları, kapsulun qalınlaşması və hipo- və hiperexogen sahələr və lifli təbəqələrin dəyişməsi ilə müşayiət olunan nəzərəçarpacaq parenximal heterogenlik aşkar edilmişdir. XAAT və hipotireoidizm hallarının rast gəlmə tezliyi ŞD tip 2 variantında xəstəliyin müddəti ilə əhəmiyyətli dərəcədə korrelyasiya etmişdir: xəstəliyin müddəti 5 ilə qədər olduqda 23,4±4,6%, 5 ildən çox olduqda isə 49,3±6,2% (p<0,001) təşkil etmişdir. Həmçinin qlikemiyanı azaldan dərmanların uzunmüddətli istifadəsi ilə QV patologiyasının inkişafı arasında əlaqə müəyyən edilmişdir, bu da ədəbiyyat məlumatlarında əks edilən strumogen effektlə izah edilə bilər [8].
Hormonal statusun təhlili göstərdi ki, nəzarət qrupunda TSH səviyyəsi 1,92±0,21 mIU/L, sərbəst T3 – 1,18±0,12 nmol/l, sərbəst T4 – 114,9±3,1 nmol/l təşkil etmişdir. ŞD tip 1 olan xəstələrdə TSH səviyyələri ümumiyyətlə normal diapazonda olmuşdur (2,01 ± 0,58 mIU/L, p>0,05). Nəticələr cədvəl 1-də tədqim edilmişdir.ŞD tip 2 olan xəstələrdə XAAT zamanı TSH səviyyəsi 3,62±0,97 mIU/L səviyyəsinə çatmişdir, bu da TSH qlikasiyası və protein metabolizminin pozulması ilə əlaqəli ola bilər. Buna baxmayaraq, ŞD tip 2 olan pasiyentlərdə T3 və T4 konsentrasiyaları nəzarət qrupunun dəyərlərindən statistik əhəmiyyətli dərəcədə fərqlənməmişdir (p>0,05). ŞD fonunda piylənmədən əziyyət çəkən xəstələrdə TSH səviyyələri normal bədən çəkisi olan xəstələrə nisbətən bir qədər yüksək idi (2,74 ± 0,88 vs. 1,42 ± 0,91 μIU/ml, p = 0,09). Qeyd etmək lazımdır ki, ŞD tip 2 və piylənmə olan xəstələrin 22,8 ± 4,9%-də aşağı T3 səviyyəsi aşkar edilmişdir, bu da patogenetik mexanizmlərin ələqəli olması ilə izah oluna bilər.
ŞD tip 1 diaqnozlu xəstələrdə HbA1c səviyyəsi orta hesabla 7,3±0,2%, ŞD tip 2 olan xəstələrdə isə 6,5±0,4% təşkil etmişdir. Bununla yanaşı, ŞD tip 2 olan pasiyentlərdə QV patologiyası olduqda, HbA1c səviyyəsi daha yüksək olmuşdur (6,8±0,5% vs 6,3±0,4%, p<0,05). Sulfanilamidlərə qarşı rezistentlik QV patologiyası olmayan ŞD tip 2 olan xəstələrlə (27,6 ± 5,3%, p < 0,001) müqayisədə QV xəstəlikləri olan şəxslərdə (71,7 ± 6,1%) daha çox müşahidə edilmişdir. Qruplarda ağırlaşma nisbətlərinin (66.7 ± 5.8% və 58.5 ± 6.0%, p > 0.05) statistik qeyri-dürüst olmasına baxmayaraq, yanaşı gedən tiroid xəstəliyinin mövcudluğu mikroangiopatiyanın daha sürətli proqressivləşməsi ilə əlaqələndirilmişdir. Bunun səbəbi əksər hallarda hipotireoidizmlə bağlıdır [9]. Bu vəziyyət proteoqlikanların və qlikoproteinlərin sintezini aktivləşdirərək zülal mübadiləsinin pozulmalarını dərinləşdirir və nəticədə damar zədələnmələrinin sürətlə proqressivləşməsinə şərait yaradır [10].
Yekun. Qalxanabənzər vəzi patologiyaları diabetogen mexanizmlərin ayrılmaz komponenti kimi karbohidrat mübadiləsinin pozulmalarında və diabetik ağırlaşmaların formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, tiroid hormon disbalansının erkən aşkarlanması və vaxtında korreksiyası şəkərli diabetli pasiyentlərin uzunmüddətli proqnozunu əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Şəkillər
Açar sözlər
İstinadlar
1.Global Burden of Disease Collaborative Network. Global Burden of Disease Study 2021. Results. Institute for Health Metrics and Evaluation. 2024 (https://vizhub.healthdata.org/gbd-results/).
2.Zhang X, Wang X, Hu H, et al. Prevalence and Trends of Thyroid Disease Among Adults, 1999-2018, Endocrine Practice, Volume 29, Issue 11, 2023, Pages 875-880, https://doi.org/10.1016/j.eprac.2023.08.006.
3.Kalra S, Aggarwal S, Khandelwal D. Thyroid Dysfunction and Type 2 Diabetes Mellitus: Screening Strategies and Implications for Management. Diabetes Ther. 2019 Dec;10(6):2035-2044. doi: 10.1007/s13300-019-00700-4. Epub 2019 Oct 3. PMID: 31583645; PMCID: PMC6848627.
4.Rong F, Dai H, Wu Y, Li J, Liu G, Chen H, et al. Association between thyroid dysfunction and type 2 diabetes: a meta-analysis of prospective observational studies. BMC Med. 2021 Oct 21;19(1):257. doi: 10.1186/s12916-021-02121-2. - DOI - PMC - PubMed
5.Haider MZ, Anees Ur Rehman M, Mufti TA, Anwar A, Ul Ain Q, Rabbani RA, Bin Zafar S, Amjad MS, Sajjad A, Rashid Shah Z, Jamil MI. Frequency and Clinical Correlates of Thyroid Dysfunction in Patients With Type 2 Diabetes Mellitus: A Cross-Sectional Study. Cureus. 2025 Jul 29;17(7):e88962. doi: 10.7759/cureus.88962. PMID: 40895946; PMCID: PMC12392368.
6.Kandel L, Shakya YL, Yadav M, Shah NA, Gupta S. Prevalence of Thyroid Dysfunction among Patients with Type II diabetes Mellitus in Tertiary Care Center: A Cross-sectional Descriptive Study. JNMA J Nepal Med Assoc. 2024 Oct;62(278):691-696. doi: 10.31729/jnma.8787. Epub 2024 Oct 31. PMID: 40655891; PMCID: PMC11619547.
7.American Diabetes Association Professional Practice Committee; 2. Diagnosis and Classification of Diabetes: Standards of Care in Diabetes—2025. Diabetes Care 1 January 2025; 48 (Supplement_1): S27–S49. https://doi.org/10.2337/dc25-S002
8.Mohammed Hussein SM, AbdElmageed RM. The Relationship Between Type 2 Diabetes Mellitus and Related Thyroid Diseases. Cureus. 2021 Dec 25;13(12):e20697. doi: 10.7759/cureus.20697. PMID: 35106234; PMCID: PMC8787293.
9.Əliyev S.C., Əliyeva C.T., Pənahova S.R. Eksperimental şəkərli diabet fonunda qalxanabənzər vəzidə baş verən funksional dəyişikliklərin patogenetik aspektləri. Azərbaycan Tibb Jurnalı, Bakı, 2019, №3, s. 83-86.
10.Han M, Wu H, Yang W, Chen J. Analysis of risk factors for the development of type 2 diabetes mellitus complicated with Hashimoto's thyroiditis. BMC Endocr Disord. 2022 Jul 8;22(1):173. doi: 10.1186/s12902-022-01092-6. PMID: 35804367; PMCID: PMC9264533
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 07.Apr.2026
Müəllif hüququ
© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Əlaqəli məqalə tapılmadı
Baxılıb: 12


